Azərbaycan milli komandası Millətlər Liqasında ikinci oyununu keçirib. D liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız II turda Malta ilə qarşılaşıb. Ta-Qali şəhərində baş tutan görüşdə “Qəbələ”nin üç futbolçusu da iştirak edib. Təmkin Xəlilzadə və Rauf Əliyev start heyətində yer alıbsa, Ürfan Abbasov 34-cü dəqiqədə meydana daxil olub. Rauf isə 67-ci dəqiqədə əvəzlənib.
Yığmamız turnirdəki ilk səfər matçından 1 xalla ayrılıb – 1:1. 10-cu dəqiqədə buraxılan qoldan sonra hesabda geri düşən komandamız 26-cı dəqiqədə hesabda tarazlıq yaradıb. Millimizin matçdakı yeganə qoluna Təmkin imza atıb. Bu top komandamıza 1 xal qazandırmaqla yanaşı ilklərlə də əlamətdar olub. “Qəbələ”nin cinah oyunçusu Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. O, həm də 7-ci matçını keçirdiyi millidə özünün qol hesabını açıb.
Xatırladaq ki, Xəlilzadə Azərbaycan millisinin tarixində qol sevinci yaşayan 62-ci futbolçudur.