Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. Yanvarın 12-dən Antalyada hazırlıq keçən “qırmızı-qaralar” 3-cü sınağına çıxacaq. Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. Oyun “Karvansaray” otelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Veliko Tarnovonu təmsil edən “Etar” 1924-cü ildə yaradılıb, 2013-cü ildə yenidən formalaşdırılıb. 1990/91 mövsümündə Bolqarıstan çempionu olan klub hazırda ötən mövsümü yüksək liqada 7-ci pillədə başa vurub. Cari çempionatda 20 oyunda 19 xal toplayan “Etar” qış fasiləsinə 10-cu yerdə yollanıb.
Xatırladaq ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komandamız ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
22 yanvar
17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan)
“Karvansaray” otelinin meydançası