Türkiyədə ikinci sınaq
Xəbərlər / 11 İyul 2022 | 22:52211
Türkiyədə ikinci sınaq

2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” sabah ikinci yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Çiksereda” klubu ilə görüşəcək.

118 il əvvəl əsası qoyulan klub Liqa2-də mübarizə aparır. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub. Aşağı liqalarda oynamasına baxmayaraq zəngin tarixi olan klub 1904-1919-cu illərdə Avstriya-Macarıstan, 1919-1940-cı illərdə Rumıniya, 1940-1944-cü illərdə isə Macarıstanı təmsil edib. II Dünya müharibəsindən sonra Rumıniyanın aşağı liqalarında var-gəl edən “Çiksereda” ən böyük uğurlarını 2018/19 mövsümündə əldə edib. LiqaII-də çempion olan komanda ikinci dəstəyə yüksəlib. Həmin mövsüm komanda Rumıniya kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb. “Qəbələ” ilə Rumıniya təmsilçisi arasında qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Xatırladaq ki, qonşu ölkədə 2-ci matçına çıxacaq “Qəbələ” iyulun 5-də Superliqa klubu “Qaziantep”lə (1:2) üz-üzə gəlib.

 

Yoxlama oyunu

12 iyul

17:00. “Qəbələ” – “Çiksereda” (Rumıniya)