Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə görüşəcək. Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşan Sənan Qurbanovun yetirmələri toplanış çərçivəsində son sınağına çıxacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu matçla Bolu toplanışını başa vuracaq komandamız ardınca vətənə dönəcək.
Əsası 1965-ci ildə qoyulan Bolu təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edir. Ötən mövsüm 9-cu yeri tutan komanda dəfələrlə Super Liqada da çıxış edib. Çempionatda ən yaxşı nəticəsi 1974-cü ildə qazanılan bürünc medal olan “Boluspor” həmin il UEFA kubokuna qatılaraq avrokuboklarda debüt edib. Bolu təmsilçisi yeddi il sonra Türkiyə kubokunun finalına yüksəlib.
Yoxlama oyunu
17 iyul
17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ”
Bolu. “Koru” otelinin meydançası