AFFA-nın təşkilatçılığı yeniyetmə oğlanlar arasında keçirilən liqalarda 2015-2016-cı illər mövsümünə yekun vurulub. Bu gün U-11 Liqası və “Coca-Cola U-13 Liqa”nın həlledici qarşılaşmaları keçirilib. “Qəbələ”nin hər iki liqadakı təmsilçisi turniri mükafatçılar sırasında başa vura bilib.
U-13 komandamız 3-cü yer uğrunda matçda “Neftçi” ilə üz-üzə gəlib. Bayıl stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” bürünc medallara yiyələniblər. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Kəpəz” PFK İB-nin Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər. “Qəbələ” klubunun üzvü Mehrac Baxşəliyevə Fair Play mükafatı verilib.
U-11 komandamız final oyununda “Kəpəz”lə görüşüb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 dəfə fərqlənən “Kəpəz” U-11 Liqasının 2015/2016-cı il mövsümünün qalibi adını qazanıb. “Qırmızı-qaralar” isə gümüş medallara yiyələniblər. Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Kəpəz” PFK İB-nin Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər. Komandamızın üzvü Eşqin Əhmədov liqanın ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, U-13 və U-11-ə qədər daha 7 komandamız liqaları mükafatla başa vurub. U-19, U-16, U-15 qızıl, U-17, U-10 gümüş, U-14 və U-12 bürünc medal qazanıb. Bununla da, "Qəbələ" Futbol Akademiyasının bütün komandaları 2015-2016 mövsümünü medalla yekunlaşdırmış oldu.