“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası ölkə çempionatını 3-cü yerdə tamamlayıb. İlkin mərhələdə Şimal-qərb zonasında 10 oyun keçirən U-11 bütün qarşılaşmalarda böyük üstünlüklə qalib gəlib. Ümumilikdə ilkin mərhələdə komandamız rəqib qapılarından 87 cavabsız top keçirib və final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində ilkin olaraq qrupda mübarizə aparan U-11 “Bakı”, “Turan” və UGİM Saatlı komandaları ilə münasibətlərini aydınlaşdırıb. “Bakı” və “Turan”a eyni hesabla – 2:0 qalib gələn təmsilçimiz UGİM Saatlını qapısının toxunulmazlığını saxlamaqla 7 dəfə meydanın mərkəzinə dəvət edib və qrupdan maksimum nəticə ilə növbəti mərhələyə adlayıb.
¼ final mərhələsində komandamız “Hövsan Olimpiya” FK ilə qarşılaşıb və matç azyaşlılarımızın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0. Yarımfinalda U-11 “İnter”li həmyaşıdları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda “Qəbələ” son saniyələrdə buraxılan qolla 1:2 hesabilə məğlub olub. Finala çıxmaq şansını itirən komandamız 3-cü yer uğrunda oyunda gücünü sınayıb. Bürünc medallar uğrunda görüşdə “Qəbələ”nin rəqibi “Xəzər Lənkəran” olub. Rəqibinə şans verməyən Sənan Qurbanovun yetirmələri cənublular üzərində 1:0 hesablı qələbə qazanıblar və bürünc medallara sahib olublar. Bundan əlavə turnirin ən sərrast futbolçusu mükafatına da rəqib qapılarından 55 top keçirmiş Təbriz İsazadə yiyələnib.
İlk pilləni isə finalda “İnter”i 1:0 üstələyən Gəncənin “Çinar” komandası tutub.