U-17-dən iki qələbə
Xəbərlər / 11 May 2019 | 17:05271
U-17-dən iki qələbə

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da növbəti oyunlarını keçirib. “Qırmızı-qaralar” 9-16-cı yerlər uğrunda mübarizədə iki matça çıxıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda öncə Fransanın “Brest” klubu ilə görüşüb. “Qəbələ” Samir Məhərrəmlinin vurduğu qolla meydandan qalib ayrılıb – 1:0. Bu qələbədən sonra 9-12-ci yerlər uğrunda çıxışını davam etdirən komandamız Fransanın digər klubu “Tuluza” ilə görüşüb. 1:1 hesabı ilə başa çatan matçda “qırmızı-qaralar”ın qoluna Samir Məhərrəmli imza atıb. Görüşün qalibi isə penaltilərlə müəyyənləşib. 3:2 hesabı ilə qələbə qazanan “Qəbələ” 9-cu yer uğrunda oynamaq imkanı əldə edib. Komandamız sabah keçiriləcək son görüşündə “Monako” ilə qarşılaşacaq.

Xatırladaq ki, San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub.