“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Kəramət Hüseynov növbəti uğuruna imza atıb. İdmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində fərqlənib. 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Tornine Tsjakadoeaya (Niderland) məğlub olan Kəramət təsəlliverici görüşdə qüvvəsini sınamalı olub. Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla dueldə qalib gələn cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onunla görüşməli olan Rusiya təmsilçisi Konstantin Simeonidis zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb.