Topaz Premyer Liqasının II turunun AZAL – “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Heyətdə bir sıra dəyişikliklər etmişdik. Bu, rəqibə görə deyil, məcburiyyətdən atılan addım idi. Əsas heyətə düşməyə yaxın olan futbolçular da meydana çıxmışdı. Biz elə oyunçuları itirmişik ki, onlar yenilənən komandanın aparıcı üzvlərinə çevrilmişdi. Bundan başqa, avrokuboklarda istədiyimiz sayda legionerə heyətdə yer verə biləriksə, çempionatda isə limitə əsasən Azərbaycan vətəndaşlığı olan 5 futbolçu oynamalıdır. Bütün bunlar heyətin müəyyənləşdirilməsində rol oynamışdı. Oyun planında daha artığını gözləyirdim. Lakin futbolçulara irad bildirə bilmərəm. Başa düşürəm ki, buna obyektiv səbəblər var. Oyunçulara əsas heyət üzvünə çevrilməsi üçün vaxt lazımdır. Qarşılaşma göstərdi ki, hələ çox çalışmalıyıq. Vacib olan 3 xalı qazandıq. Heyətdəki dəyişikliklər yalnız uzun müddət eyni futbolçulardan ibarət komandalarda hiss olunmur. Bizdə isə bu, ağır keçir. Bu dəyişikliklərin xal itkisi ilə nəticələnmədiyinə sevinirəm”.
Qriqorçuk ilk oyunu avqustun 20-də keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqib olan Yunanıstan təmsilçisi “Panatinaikos” haqda da danışıb: “Bir oyuna əsasən komandaya qiymət vermək olmaz. “Real-Sosyedad”la oyun 0:3 hesabı ilə uduzmamalı idi. Sadəcə, görüş uğursuz alındı. Elə “Brügge” ilə qarşılaşma haqda da eyni sözləri demək olar. “Panatinaikos” çox güclü futbolçulara malikdir. Heyətində sürətli, cəld futbolçular var. Bizim üçün çox güclü rəqibdir. Belə bir komandanı məğlub etmək üçün “Qəbələ” indiyədək görmədiyimiz oyunu göstərməlidir. Zədəlilərə gəlincə, Rikardinyo bu gün də hazır idi. Lakin limitə görə onu “18-liy”ə daxil etmədik. O, oyuna tam hazırdır. Georgi Floresku isə məşqlərə sabah başlayacaq. Düşünürəm ki, 4 gün ərzində hazırlıq keçdikdən sonra rumıniyalı da ilk qarşılaşmada komandamıza kömək edə bilər”.