Misli Premyer Liqasının VIII turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Turnir cədvəlində bir-birinə yaxın olan iki komanda görüşürdü. Bilirdik ki, ağır oyun olacaq. Gəncə səfəri hər komanda üçün çətin keçir. Oyuna daha çox nəzarət etməyi, hücum qurmağı düşünürdük. Komanda bunu etməyə çalışdı, istədiyimi meydanda verdi. Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Qarşıdakı matçları düşünürük. Bilirik ki, oyun keyfiyyətimizi artırmalıyıq. Qələbə təsadüfi də ola bilər, məni komandanın 3-4 oyundur istədiyimi verməyə çalışması sevindirir. Həmin oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək. İlkin Qırtımov universal futbolçudur. Verdiyimiz tapşırıqları layiqincə yerinə yetirir. Ahmad Ayzaya potensialı olan, bizim üçün önəmli futbolçudur. Üzərində çalışır və bu mövsüm fərqli çıxış edə bilər”.