Topaz Premyer Liqasının VIII turunda “Bakı”nın qonağı olan “Qəbələ” səfərdən 1 xalla qayıdıb. 1:1 hesabı ilə başa çatan qarşılaşma Viktor Mendi üçün əlamətdar olub. Legioner komandamızda yubiley – 10-cü qolunu vurub.
- Viktor Mendi cari mövsümdə ilk qolunu vurdu. O, sonuncu dəfə ötən mövsümün 31-ci turunda – mayın 5-də “Xəzər Lənkəran”la səfərdəki qarşılaşmada qol vurmuşdu. Mendi 152 gündən sonra qol həsrətinə son qoydu.
- Bu qol Mendinin “Qəbələ”də 10-cu topu oldu. O, ən azı 10 qol vuran 9-cu futbolçumuz kimi tarixə düşdü: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hərəsi 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Paulo Hilario, Viktor Mendi – hərəsi 10.
- Mendi Premyer liqada “Qəbələ” formasında ən çox qol vuran 6 oyunçudan biridir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hərəsi 11, Viktor Mendi - 10, Luiz Paulo Hilario, Yannik Kamanan – hərəsi 9.
- Komandamız tarixində 240, Premyer Liqada 180-ci oyununu keçirdi.
- “Bakı”nın futbolçusu Aleksandar Şoliçin vurduğu top “Qəbələ”nin Premyer Liqada buraxdığı 200-cü top oldu.
- Komandamız ölkə çempionatının güclülər dəstəsində 90-cı səfər matçına çıxdı.
- Ramiz Məmmədovun baş məşqçiliyi altında ümumilikdə 120-ci oyun həm də 60-cı səfər qarşılaşması oldu. Viktor Mendinin qolu bu görüşlərdəki 60-cı top oldu.