Argentinanın paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına start verilib. 60 ölkədən 288 cüdoçunun qatıldığı yarışda çıxış edən Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun təmsilçiləri də yer alıb. Yarışın ilk günündə Vüqar Şirinli və Aişə Qurbanlı tatamı üzərinə çıxıblar. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan Şirinli ilk iki qarşılaşmada argentinalı Nikolas Qomes və türkiyəli Əhməd Kabaya qalib gələrək yarımfinala yüksəlib. İdmançımız yarımfinalda daha bir argentinalı Hernan Birbrierdən üstün olub. Finalda isə kanadalı cüdoçu Serjio Pessoa ilə üz-üzə gələn Vüqari şimali amerikalı rəqibini də məğlub edib. Bununla da cüdoçumuz Buenos-Ayresdə yığmamızın ilk qızıl medalını qazanıb. Qadınların 48 kq çəki dərəcəsində yarışında çıxış edən Aişə Qurbanlı isə turnirdə 5-ci yeri tutub. O, böyük britaniyalı Kimberli Renik və meksikalı Edna Karrilyoya qalib gəldikdən sonra yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda qarşılaşmada rusiyalı Kristina Rumyantsevaya uduzan idmançımız bürünc medal üçün mübarizə aparmalı olub. Fransalı Aurora Klimensə yenilən Aişə 5-ci yerlə kifayətlənib.