“Qəbələ” Futbol Akademiyasında yeni məşqçi təyinatı gerçəkləşib. Gənc mütəxəssis Xəqani Məmmədov akademiyada fəaliyyətə başlayıb. Futbolçu karyerası boyunca “Neftçi” (1996-1998), OİK (1998-1999), “ANS Pivani” (1999-2000), “Şəmkir” (2000-2001), “Maşınsazi” (İran, 2001-2003), “Xəzər-Lənkəran” (2003-2006, 2010-2011), “Olimpik” (2006-2007), “İnter” (2007-2010) kimi klublarda top qovan Məmmədov Azərbaycan milli komandasının formasını da geyinib. Xəqani Məmmədov məşqçilik karyerasına 2011-ci ildə Bakı “İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib.
Gənc mütəxəssis akademiyaya təyinatı ilə bağlı fikirlərini gabalafc.az-la paylaşıb:
“Qəbələ”nin uşaq futboluna ayırdığı diqqət göz qabağındadır. Təklifi məmnuniyyətlə qəbul etdim. Baza ilə tanışlıq zamanı hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum. Burada futbolun inkişafı üçün hər cür şərait yaradılıb. İnanıram ki, futbol təcrübəmdən yararlanaraq “Qəbələ” Futbol Akademiyasında peşəkar futbolçuların yetişməsində yaxından rol oynayacağam”.