Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev gabalafc.az-a müsahibə verib. İdmançımız qarşıdakı planları, döyüşləri, həmçinin əsas hədəfi və futbolla bağlı arzusunu açıqlayıb.
Nəbiyev hazırkı hazırlıq prosesi və məşqləri barədə danışıb: “Hazırlıq prosesi yaxşı keçir. Gündən-günə məşqləri intensivləşdirirəm. Hazırda iki yerdə - dostum Zabit Səmədova məxsus “Zabit Samedov Fight Club” və “Baku MMA Academy”də məşq edirəm”.
Alim növbəti döyüşünün tarixini açıqlayıb: “Növbəti döyüş martın 18-də Bakıda olacaq. Hazırda danışıqlar gedir. Yaxın günlərdə rəqib müəyyənləşməli, görüşün təşkili təsdiqlənməlidir. Hələlik məşq edirəm ki, hazır olum və idman formamı tam yığım. Bu “Glory” seriyasından olmayacaq. Rusiyanın yeni təşkilatıdır. Mənə öz vətənimdə gecənin əsas döyüşünə çıxmağı təklif etdilər. Əlbəttə dərhal razılaşdım. Amma öncə döyüşdüyüm “Glory” təşkilatından icazə istədim. Onlar Azərbaycanda çıxış etməyimə icazə verdilər”.
“Professor” ləqəbli idmançı əsas planlarına aydınlıq gətirib: “Döyüşlə bağlı əsas planım fiziki forma yığmaq, dözümlülük üzərində çalışmaq, vətəndə komanda yoldaşlarımla texnika və təcrübə mübadiləsi aparmaq, ardınca döyüşə çıxıb qalib gəlməkdir. Bu turnirdən sonra əsas döyüşüm olacaq. “Glory”də kəmər uğrunda titul döyüşünə çıxacam. Avropada baş tutacaq döyüşün tarixi və rəqib hələ dəqiqləşməyib. Hazırlıq dövründə toplanış əsasən “Zabit Samedov Fight Club”da keçəcək. Çünki burada kikboksinq bölməsi var. Həmçinin Qəbələdə də hazırlıq kecəcəm. Karyeramın lap başlanğıcından “Qəbələ” məni dəstəkləyir və kömək edir. Çox sıx münasibətlərimiz var. Biz bir komandayıq. Mənə inandıqları və həmişə yanımda olduqları üçün onlara minnətdaram”.
Alimin hazırda əsas hədəfi “Glory” kəmərinə yiyələnməkdir: “Martın 18-dəki döyüşdən sonra əsas sınağım olacaq. “Glory”də dünya çempionu tituluna iddiaçıyam. Yayda titul üçün döyüşməliyəm. Hal-hazırda hədəf “Glory” kəməridir. Mən ona doğru irəliləyirəm. Hədəfimin bir addımlığındayam”.
Müxtəlif versiyalarda dünya çempionu olan kikboksçu “Glory”də istəyinə çatdıqdan sonrakı planlarına da toxunub: “Çempionluqdan sonra üçün bir sıra təkliflər var. Onlar arasında MMA döyüşləri də var. Ola bilsin ki, UFC-də çıxış edim. Çünki yaxşı əlaqələrim və menecerlərə çıxışım var”.
İdmanda ilk addımlarını futbolda atan Alim kiçik yaşlarında topu kikboksinqə dəyişsə də, ən sevimli idman növündə də arzusuna çatmaq istəyir: “Futbol mənim üçün sevimli idman növüdür. Özüm də futbolla başlamışam, uşaqlıqda bu idman növüylə məşğul olmuşam. Kifayət qədər pis də alınmırdı. Amma sənədlərlə bağlı məsələlər üzündən kikboksinqə keçdim. Əlbəttə “Qəbələ”ni də izləyirəm və azarkeşlik edirəm. Xəyalım bir dəfə onlarla məşq etmək və oynamaq, öz ustalıq səviyyəmi göstərməkdir”.