10 noyabr 2013. Saat 17:00. Lənkəran şəhər stadionu. 4000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov
Dördüncü hakim: Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Nikola Valentiç, 23 (qeyri-idman hərəkəti); Luis Paulo Hilario, 36 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Premyer Liqanın XIII turunda "Qəbələ" səfərdə "Xəzər-Lənkəran"la qarşılaşdı. İki gün ardıcıl yağışdan sonra Lənkəran Şəhər Stadionunun ot örtüyünün qənaətbəxş vəziyyətdə olmaması komandaların normal çıxışını imkansız etdiyini öncədən vurğulamaq yerinə düşər.
Matç ot örtüyünün vəziyyətinə və meydançada toplanmış su qalıqlarına görə məzmunsuz hücumlarla zəngin oldu. Komandalar oyun boyunca əsasən top itkiləri ilə yadda qaldılar.
İlk hissənin ən təhlükəli epizodu "Qəbələ"nin aktivinə yazıldı. Yannik Kamananın uzaq məsafədən zərbəsi effektli alınsa da, qapı tirindən qayıtdı. Hissənin sonlarına yaxın "qırmızı-qaralar" hesabı açmağı bacardılar. Lakin yan xətt hakiminin şübhəli ofsayd qərarı Subotiçin qolunun qeydə alınmaması ilə nəticələndi. İlk hissədə digər diqqətçəkən məqam Niassenin zədələnərək yerini Deyan Kelhara verməsi oldu.
İkinci hissə də, oyun keyfiyyəti baxımından ilk yarıdan fərqlənmədi. Komandalar hesabı açmaq uğrunda güzəştsiz mübarizə aparsalar da, tərəflərdən heç biri fərqlənməyi bacarmadı. Matçın son 10 dəqiqəsini "Qəbələ" azlıqda keçirmək məcburiyyətində qaldı. İkili mübarizədə zədələnən Ürfan Abbasov oyuna davam edə bilmədi. Bütün əvəzetmələrdən istifadə edən "qırmızı-qaralar" bu səbəbdən qarşılaşmanı 10 nəfərlə tamamladı.