Xocalı Soyqırımından 32 il ötür
Xəbərlər / 26 Fevral 2024 | 00:001564
Xocalı Soyqırımından 32 il ötür

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. 

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları çox dərin məqsədlər güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtdı, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurdu. Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardılar, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşdular, düşmən qarşısında əyilmədilər, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdılar.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil oldu, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldılar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, əlillərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfər donvurmadan ayaqlarını itirmiş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdi.

Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilmiş, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxmış və 1992-ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçmişdir. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy Isayeviç və alayda xidmət edən 50-dən artıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir.

Bu kədərli 32-ci ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı veririk.