Qəbələ FK Futbolun Kütləviləşdirilməsi Departamenti ötən həftə Yay Futbol Düşərgələri proqramına yekun vurdu. Bu artıq FKD-nın son 3 mövsüm ərzində keçirdiyi üçüncü belə proqram idi. Proqramın nəticələri haqqında gabalafc.az-a məlumat verən departament rəhbəri Co Doyl proqramda iştirak etmiş qız və oğlanların futbola olan böyük marağından, öyrənmək həvəsindən və futbol bacarıqlarının inkişafı üçün çalışmalarından razı qaldığını bildirib. Co Doyl əvvəlki illərdən fərqli olaraq bu il daha kiçik yaş qruplarının bu proqramda iştirak etməyə həvəs göstərdiyini vurğulayıb.
Proqram Qəbələ rayonunda 3 fərqli məkanda reallaşdırılıb - Qəbələ şəhər stadionu, Vəndam 2 saylı tam orta məktəbin zalı və Böyük Əmili stadionu proqram müddətində azyaşlıların ixtiyarına verilib.
Proqram 3 ay davam edib və hər ay fərqli məkanda həyata keçirilib. Proqrama Qəbələ şəhər stadionunda start verilib. İlk ayda düşərgənin iştirakçıları Qəbələ şəhər tam orta məktəblərinin şagirdləri olub. Proqrama əsasən ilk həftə 6-10 yaş arası məktəblilər, ikinci həftə 11-12 yaş arası şagirdlər, üçüncü həftədə isə ötən iki həftə ərzində futbol bacarığı ilə fərqlənən məktəblilər iştirak edib. Qəbələ şəhər stadionunda ümumi 78 nəfər proqramın iştirakçısı olub ki, bunlardan 35 nəfəri birinci həftənin, 43 nəfəri isə ikinci həftənin payına düşüb. Üçüncü həftədə isə 26 nəfər iştirak edib. Sözügedən 26 məktəbli artıq FKD-nin Qəbələ şəhər stadionunda davam edəcək Məşq Mərkəzinə cəlb olunub.
Yay Futbol Düşərgələrinin ikinci ayı Böyük Əmili kənd stadionunda baş tutub və ətraf kəndlərin tam orta məktəblərini əhatə edib. Bu məktəblər sırasına Zarağan 1 saylı tam orta məktəb, Böyük Pirəlli tam orta məktəbi, Soltannuxa tam orta məktəbi, Böyük Əmili kənd tam orta məktəbi və Hacallı kənd tam orta məktəbi daxildir.
Ümumilikdə 84 nəfərin iştirak etdiyi düşərgədə 52 nəfər 5-10 yaş arası, 32 nəfər isə 11-12 yaş arası məktəbli futbol bacarığını nümayiş etdirib. Onlardan 25 nəfəri FKD-nin məşqçiləri tərəfindən bəyənilərək Böyük Əmili kənd stadionunda baş tutacaq Məşq Mərkəzində iştirak etmək imkanı qazanıb.
Proqramın sonuncu ayı Vəndam qəsəbəsində baş tutub və Vəndam 1 saylı tam orta məktəbi, Vəndam 2 saylı tam orta məktəbi, eləcə də Vəndam 3 saylı tam orta məktəbi əhatə edib. Son düşərgədə 70 məktəbli iştirak edib ki, bunlardan da 49 nəfəri 5-10 yaş arası və 21 nəfəri isə 11-12 yaş arası şagirdlər olub. Sözügedən düşərgədə xüsusilə qızların futbola marağı diqqət çəkib. Proqramın üçüncü həftəsində FKD məşqçiləri Vəndam qəsəbəsində baş tutacaq Məşq Mərkəzi üçün 8 qız və 13 oğlan olmaqla 21 məktəbli seçib.