“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak daha bir il komandanın sükanı arxasında olacaq. Klubdaxili iclasdan sonra qəbul olunan bu qərarda türkiyəli mütəxəssisin bu posta təyin edildikdən sonra komandanın qazandığı nəticələr birbaşa rol oynadı. Müqaviləsinin uzadılmasından sonra gabalafc.az-a açıqlama verən Fatih Kavlak rəhbərliyin güvənini doğrultmaq üçün əlindən gələni edəcəyini, yeni mövsümdə qarşıya qoyulan hədəflərə nail olunacağını söylədi:
“Qərar məni çox sevindirdi. “Qəbələ” kimi peşəkar və futbol üçün hər cür şəraiti olan bir klubda fəaliyyətimi davam etdirəcəyimə görə sevincliyəm. Klub rəhbərliyinə mənə güvəndiklərinə və “Qəbələ” ilə uğur qazanmaq şansı verdiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bu il qarşımıza qoyulan hədəflərə nail olacağıq və komanda mövsümün sonunda istədiyi pillədə duracaq. Bunun üçün kollektiv olaraq çox işləməli olacağıq. Çalışacağıq, əlimizdən gələni edəcəyik və sonda məqsədlərimizə çatacağıq”.
Kavlak “Qəbələ”nin hədəfinin çempionluq olduğunu, bunun üçün komandada bəzi dəyişikliklər ediləcəyini dedi:
“Arxada qoyduğumuz mövsümdə də hədəflərimiz var idi. Lakin sona kimi döyüşsək də, istədiyimizə nail ola bilmədik. Artıq qarşıda bizi uzun hazırlıq dönəmi və tam bir mövsüm gözləyir. Bu uğur qazanmaq üçün yetərincə vaxt deməkdir və bu şansı dəyərləndirəcəyimizə inanıram. Yeni mövsümdə hədəfimiz çempionluqdur. Bunun üçün komandada bəzi dəyişikliklər ediləcək. Bəzi futbolçular komandadan ayrılacaq və boşluqlar yeni transferlərlə doldurulacaq”.
Qarşıdakı təlim-məşq toplanışından bəhs edən baş məşqçi yay hazırlıq dönəmi barədə də məlumat verdi:
“Artıq növbəti mövsümə hazırlıq planımız demək olar ki hazırdır. Komanda iyunun 26-ı Qəbələdə biraraya gələcək və həkim müayinəsindən keçəcək. Hazırlığın ilkin mərhələsi doğma şəhərimizdə baş tutacaq. İyulun 13-ə kimi Qəbələdə hazırlıq prosesimiz davam edəcək. Daha sonra isə ölkə xaricinə təlim-məşq toplanışına yollanacağıq. Gedəcəyimiz ölkə hələ ki, məlum olmasa da bu istiqamətdə iş gedir. Bizə uyğun variantı araşdırıb dəyərləndirəcəyik”.
Fatih Kavlak məşqçilər korpusunda da yeniliyin gözlənildiyini sözlərinə əlavə etdi:
“Ötən mövsüm məşqçilər korpusunda yer alan İbrahim Bakır və qapıçı məşqçisi Vüqar Məmmədovla yolumuza davam edəcəyik. Sadəcə korpusumuza bir yerli məşqçi də əlavə etməyi planlaşdırırıq. Bu məsələyə də yaxın vaxtlarda aydınlıq gələcək”.