Yuri Syomin ictimaiyyətə təqdim olundu
Xəbərlər / 29 May 2013 | 11:06246
"Qəbələ"nin yeni baş məşqçisi Yuri Syomin ictimaiyyətə təqdim olunub. Qəbələdə baş tutan təqdimetmə mərasimində ölkə kütləvi infotmasiya vasitələri iştirak edib.
Yuri Pavloviç “Qəbələ” ilə 1 illik müqavilə bağlayıb. O, bu klubu seçməsinin səbəbini belə açıqlayıb: “Qəbələ”nin iddiaları ilə tanış oldum. Gördüm ki, böyük infrastrukturu, böyük hədəfləri olan klubdur. Üstəlik, mənim klub rəhbərliyinin futbolun inkişafına dair baxışları xoşuma gəldi. Sizin veteranlarla “Qəbələ” haqda söhbət də etmişdim. Onların əksəriyyəti “Qəbələ” variantını qəbul etməyimi istəmişdilər. Mən də bunları götür-qoy edib müqavilə imzalamağa qərar verdim”.
66 yaşlı məşqçi Moskva “Lokomotiv”indən ona olan təkliflə bağlı isə bunu deyib: “Mən “Lokomotiv”dən cavab gözləmirdim. Bunların hamısı yalan sözlərdir. Rusiya mətbuatı istədiyini yaza bilər. Mən “Qəbələ”nin təklifini ürəyimlə qəbul etmişəm”.
Həmçinin mətbuat konfransının gedişatında onun köməkçilərinin kimliyinə aydınlıq gəlib. Rusiyalı məşqçiyə Yuri Baturenko, Andrey Syomin, Vüqar Məmmədov, Sənan Qurbanov, eləcə də qapıçı Dmitri Kramarenko köməklik edəcək. Kramarenko həm də oynayan məşqçi olacaq.