TARİX

TARİX

“Qəbələ” Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adı ilə dəyişdirilib. Hazırda “Qəbələ” Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.

 

Ardıcıl üç mövsümdə (2013-2014, 2014-2015, 2015-2016) bürünc, sonrakı iki mövsümdə (2016-2017, 2017-2018) gümüş medalların qazanılması da buna sübutdur. 2018-19-cu illər mövsümündə Azərbaycan kubokunun final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ilk tituluna yiyələnib. “Qırmızı-qaralar” 2013-2014, 2016-2017, 2017-2018-ci illər mövsümlərində kubokun finalına qədər irəliləyib. “Qəbələ”nin futbolçuları iki dəfə Azərbaycan çempionatının bombardiri adına yiyələnib. 2016-2017 mövsümümdə Filip Ozobiç 11, 2017-2018 mövsümündə isə Baqali Dabo 13 topla mükafata sahib çıxıb.

 

2014-cü ilin yayında avrokuboklarda debüt edən komandamız ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubumuzun qrupda “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. “Qırmızı-qaralar” 2016-2017-ci illər mövsümündə də eyni uğuru təkrarlayıb. Bu dəfə “Samtredia” (Gürcüstan), MTK (Macarıstan), “Lill” (Fransa) və “Maribor”u (Sloveniya) mübarizədən kənarlaşdıran komandamız yarışın tarixinə ardıcıl iki dəfə 4 tur adlayan ilk klub kimi düşüb. “Qəbələ” qrupda “Anderlext” (Belçika), “Maynts” (Almaniya) və “Sent-Etyen”lə (Fransa) qarşılaşıb. 2017-ci ilin yayında isə “Qəbələ” bu turnirdə III təsnifat mərhələsinədək irəliləyib. Sonrakı illərdə “qırmızı-qaralar” daha iki dəfə UEFA Avropa Liqasının (2018/19, 2019/20) və bir dəfə UEFA Konfrans Liqasının (2022/23) iştirakçısı olub.

 

Artıq “Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klubumuz ölkənin əsas millisində də təmsil olunur.  Azərbaycanın əsas yığmasında “Qəbələ”ni 26 futbolçu təmsil edib. Cavid Hüseynov daha çox – 16 matça çıxıb. Mahir Şükürov “qırmızı-qara” forma geyindiyi dövrdə yığmada daha çox – 3 top vurub. Həmçinin, futbolçularımız müxtəlif ölkələrinin yığmalarında da çıxış edib. Üç futbolçumuz - Rəşad Sadiqov, Tellur Mütəllimov, Elvin Camalov U-21 millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

 

“Qəbələ” İdman Klubu təkcə əsas komandamızın uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri dəfələrlə Azərbaycan çempionu olub, mükafatçılar sırasında yer alıb. U-19 komandamız ölkə çempionu kimi 2016-cı ildə UEFA Gənclər Liqasında debüt edib. İki ildən sonra “Qəbələ” bu turnirdə mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Komandamız sonrakı illərdə də dəfələrlə avrokubok iştirakçısı olub. Bundan başqa, əvəzedicilərdən ibarət komandamız da ölkə birinciliyində uğurla çıxış edib. 2015-2016-cı illər mövsümünün çempionu olan “qırmızı-qaralar” 4 gümüş və 2 bürünc medal da qazanıb. İkinci komandamız 2021-2022-ci illər mövsümündən Azərbaycan I divizionda mübarizə aparır. 

 

Qəbələ şəhər stadionu üç dəfə Azərbaycan kubokunun final oyununa ev sahibliyi edib. Bu, 2014-2015, 2017-2018 və 2021-22-ci illər mövsümlərinə təsadüf edib. Avrokubokların təsnifat görüşlərini qəbul edən arenada əsas komandanın iştirakı ilə beynəlxalq “Jalə” kuboku, 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib. Burada Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının, həmçinin Premyer Liqa klublarının təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib.

 

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. Qısa müddətdə döyüş növləri üzrə idmançılarımız Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Azərbaycanı və “Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılarımız yaddaqalan uğura imza ataraq turniri 2-si qızıl olmaqla 5 medalla tamamlayıblar. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunları “Qəbələ” idmançılarının üç medal qazanması ilə tarixə düşüb. Boksçulardan Lorenso Sotomayor günüş, Kamran Şahsuvarlı bürünc medal qazanıbsa, taekvondoçu Milad Beiqi Harçeqani də 3-cü yeri tutub. 2017-ci ildə Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında 19 medal qazanan “Qəbələ” idmançıları 8 çempionluq sevinci yaşayıblar. Koronavirus pandemiyası üzündən təxirə salınıb, 2021-ci ildə keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarında karateçimiz Rafael Ağayev gümüş mükafata yiyələnib. 

 

Qəbələ Atıcılıq Klubunun mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biri olmaqla yanaşı, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. 2014-cü ildə Dünya Kubokunun final mərhələsini, 2015-ci ildə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələ yarışı, həmçinin bir sıra digər mötəbər turnirlər Qəbələdə baş tutub.