102 gün sonra gələn uğursuzluq
Xəbərlər / 9 Mart 2012 | 08:33133
102 gün sonra gələn uğursuzluq

Unibank Premyer Liqasının təxirə salınan XIX turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ötən matçda təkrarladığı rekordunu yeniləyə bilmədi. Ardıcıl 3 qələbədən sonra 2:3 hesabı ilə uduzan komanda bu dəfə xal itkisinə üzüldü.

- “Qəbələ” 2007/08, 2009/10 və 2 dəfə 2010/11 mövsümündə imza atdığı 3 oyunluq qələbə seriyasını təkrarlamaq üçün XX turda “Simurq”u 1:0, XXI turda “Xəzər Lənkəran”ı 2:1, XXII turda “Rəvan”ı 4:0 hesabı ilə yenmişdi. Sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la oyunda xal itirən (0:0) komanda 77 gündən sonra xal itkisi ilə üzləşdi.

- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Son 8 qarşılaşmada uduzmayan  komanda 102 gündən sonra meydanı xalsız tərk etdi. “Qəbələ” uduzmadığı 8 oyunda 6 qələbə qazanıb və 2 heç-heçə etmişdi. Bu matçlardakı top fərqi 14:2 oldu. Bu matçların 7-sı çempionatda qeydə alınıb. Xatırladaq ki, komandanın Premyer Liqada ən uzun məğlubiyyətsiz seriyası 12 oyundan ibarətdir və ötən mövsüm gerçəkləşib.

- Gəncədəki oyun baş məşqçi Fatih Kavlakın Premyer Liqada 10-cu matçı oldu. Bu oyunlarda “Qəbələ” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində də üstünlük nəzərə çarpır – 15:7. Ümumilikdə isə türkiyəli mütəxəssis komandanı 11 oyuna çıxarıb.

- “Kəpəz”lə matçda Nodar Məmmədov 40-cı, Aleksandr Çertoqanov 20-ci, Tarzin Changirov isə 10-cu dəfə “Qəbələ”nin formasında meydana çıxdı. Stiv Olfers Premyer Liqada 40-cı, Tarzin isə çempionatda 10-cu dəfə forma geydi.

- İndiyədək yalnız kubok matçında şans qazanan şotlandiyalı qapıçı Qrem Smit Premyer Liqada debüt etdi. Bununla da o, çempionatın güclülər dəstəsində komandanın şərəfini qoruyan 115-ci futbolçu, 57-cu əcnəbi oldu.

- Matçda hesabı açan Lyubo Baranin 166 gündən sonra “Qəbələ”də qol vurdu. O, sonuncu dəfə ötən il sentyabrın 23-də “Xəzər Lənkəran”la səfər matçında fərqlənmişdi. Bu serbiyalının 5-ci qolu oldu.

- Meydandan qovulan Deon Barton “Qəbələ” tarixində 32-ci, Premyer Liqada 24-cü qırmızı vərəqənin sahibi oldu. Ötən mövsüm – 2011-ci il aprelin 30-dakı “Simurq”la səfər oyununda da meydandan qovulan yamaykalı 2-ci dəfə bu aqibəti yaşadı. Həmin vaxt 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alan Deon bu dəfə daha tez – 35-ci dəqiqədə meydanı tərk etdi.

- Barton “Qəbəlı”də 2 qırmızı alan 8-ci futbolçu oldu. Ona qədər Azər Həşimov, Əli İsmayılov, Milan Antiç, Nodar Məmmədov, Tomas Stolpa, Camal Məmmədov və Anar Qasımov da eyni taleyi yaşamışdı. Bu 8 oyunçudan 4-ü – Deon, Əli, Tomas və Nodar hər 2 halda Premyer Liqa oyununda cəzalanıb.