Martın ən yaxşısı – Yannik Kamanan!
Xəbərlər / 10 Aprel 2012 | 08:35494
Martın ən yaxşısı – Yannik Kamanan!

Mart ayını “Qəbələ”nin futbolçusu Yannik  Kamananın aktivinə yazmalıyıq. Çünki qış fasiləsində komandamıza Türkiyə Superliqa təmsilçisi “Mersin İdman Yurdu”ndan transfer edilən 31 yaşlı fransalı hücumçu ötən ay vurduğu 6 qolla çempionatımızda “at oynatdı”. Bununla da martda keçirilən 5 turda rəqib qapıçıları üçün kabusa çevrilən Kamanan rekordu ilə diqqət mərkəzinə düşdü. Belə ki, Premyer Liqamızın cari mövsümündə arxada qalan müddətdə 1 ayda bu qədər qol vuran futbolçu olmayıb. 

Bircə “Qarabağ”a vurmadı

Yannik  hələ  fevralda ölkəmizdə debüt etsə də, həmin ayda fərqlənə bilmədi. O, martın 3-də XXII turda “Rəvan”a səfərdə 4:0 hesabı ilə qalib gəldiyimiz oyunda dubla imza atmaqla, qol hesabını açdı. Ardınca “Kəpəz”lə təxirə  salınan  XIX  turun Gəncədəki oyununda (2:3) meydanı qolsuz tərk etməyən Kamanan final mərhələsinin martdakı oyunlarında da 3 qol vurdu. Fərq ondadır ki, fransalı bu dəfə Qəbələdə öz sözünü dedi. O, altılığın debütündə evdə “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldiyimiz oyunda dublla, “İnter”i 2:1 hesabı ilə yendiyimiz matçda 1 qolla yadda qaldı. Komandamız, ölkə kubokunu da nəzərə alsaq, ötən ay 7 oyun keçirdi. Kamanana yalnız “Qarabağ”la oyunlarda qol vurmaq nəsib olmadı. Bu, həmin komanda ilə 2 kubok (2:2 və 0:0), habelə 1 Premyer Liqa oyunudur (1:1). Qolların davamını aprelin ilk günündə də gətirən Yannik “zarafat günü”ndə zarafat etməyərək, “Bakı” ilə oyunda (1:2) hesabı açdı. 

“Qəbələ”nin hegemonluğu

Əslində, mart “Qəbələ” üçün də pis alınmadı. Düzdür, komandamız keçən ay ölkə kubokunda mübarizəni dayandırdı. Ancaq onu da nəzərə almalıyıq ki, turniri məğlubiyyətsiz başa vurduq. “Qarabağ”la ¼ final mərhələsində hər 2 oyunumuz heç-heçə nəticələndi – evdə 2:2, səfərdə 0:0. Sadəcə, rəqib kubok qaydalarına görə səfərdə vurduğu qol hesabına mərhələ adladı. Ancaq komandamızın Premyer Liqada işləri yaxşı getdi. Hər halda, altılığa vəsiqəni məhz martda qazandıq. “Qəbələ”miz Kamanan kimi ötən ay məhsuldarlıqda lider oldu. Belə ki, kuboku da nəzərə alsaq, martda keçirdiyimiz 7 oyunda 15 qol vurduq. Bu da orta hesabla hər oyuna 2 qoldan artıq deməkdir. Müqayisə üçün deyək ki, ilk altılıqdakı rəqiblərimiz, ən yaxşı halda, bunun yarısı qədər qol vurub. Ümumiyyətlə isə “Qəbələ”dən sonra martda ən çox qol vuran 2-ci komanda AZAL-dır ki, o da 10 dəfə fərqlənib. 

Rekordla 2 ilkə imza atmaq

Kamanan bu məhsuldarlığı ilə Unibank Premyer Liqasında “Ayın futbolçusu” adına  əsas namizəd  olduğunu  ortaya qoydu.  Hər halda, hücumçumuz buna layiqdir və sorğuda iştirak edən jurnalistlər, klubların baş məşqçiləri və kapitanları verdikləri  səslərlə bunu təsdiqlədilər. Bununla da 31 yaşlı legionerimiz adını qızıl hərflərlə tarixə yazdırdı. Əvvəla, 3-cü mövsümdür keçirilən “Ayın futbolçusu” nominasiyasında heç vaxt “Qəbələ”nin futbolçusu qalib olmayıb. Yannik bu mənada ilkə imza atmaqla, klubumuzun tarixinə düşdü. İkincisi, bu mükafat  ilk dəfə əyalətdə, oyun vaxtı təqdim olunub. Bu məqsədlə “Unibank”  və  Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri  jurnalistlərlə birgə aprelin 7-də  səfərə  çıxıblar. Onlar həmin gün Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Qəbələ” ilə  “Xəzər Lənkəran”  arasında keçirilən oyunu izləyiblər. Matçdan öncə fransalı hücumçuya “Unibank”dan 1111 manat pul mükafatı, PFL-dən isə qiymətli hədiyyə təqdim olunub.


“Çox qol vurmağımın əsas səbəbkarı komanda yoldaşlarımdır”

Ölkəmizdə çıxış etdiyi qısa müddətdə uğur qazanıb, tarixə düşməyinə görə fəxr edən Kamanan təvazökarlığını nümayiş etdirib. O, “Qəbələ FK”yə açıqlamasında özündən daha çox komanda yoldaşlarının əməyini qiymətləndirib: “Çox qol vurmağım özümlə bağlı deyil. Bunun əsas səbəbkarı komanda yoldaşlarımdır. Çünki  futbol elə bir şeydir ki, mən meydanda təkbaşına heç nə edə bilmərəm. Bu üzdən vurduğum qollarda komanda yoldaşlarımın böyük əməyi var. Bunu mütləq qeyd etməliyəm. Ancaq təbii ki, ayın futbolçusu seçilmək xoşdur. Lakin məqsədimiz bu deyil. Çünki bu mükafat bizi avrokuboklara çıxarmır”. 
Komandamızın avrokuboklara çıxmağına nikbin baxan Yannik bunun üçün qalan oyunlarda maksimum xal toplamağı vacib sayır. O, ayın futbolçusu seçilməyi ilə işini bitmiş saymır: “Əlbəttə, son vaxtlar göstərdiyim məhsuldarlıq mənim üçün xoşdur. Ancaq futbolçunun, xüsusilə hücumçunun işi qol vurmaqdır. Mən bir hücumçu kimi  fikrimi buna yönəldirəm. Hücumçu olduğuma görə məndən qol gözləyirlər. Əlbəttə, meydanda nə qədər çox olsan, qol vurmaq imkanın daha artıq olar. Oyunuma qiyməti vurduğum qolla verirlər. Nə qədər çox qol vuraramsa, deyərlər ki, yaxşı hücumçudur. Az qol vursam, çıxışımın zəif olduğunu deyəcəklər”.
Hücumçu gələcəkdə bombardirliyə də iddialıdır: “Hələ heç nə bilmək olmaz. Ola bilər ki, bombardirlik mübarizəsinə gec başlayırsan, ancaq sonda 1-ci olursan. Yaxud əksinə olur. Nə qədər komandamız uğurlu çıxış eləsə, mənim də fərqlənib, vurduğum qolların sayını artırmaq şansım çox olacaq. Heç kimin oyununa baxmayaraq, yalnız öz oyunumu düşünürəm. Qol vurmağım komandamın Avropaya getmək məqsədləri üçün hələlik yetərli deyil”.
Xatırladaq ki, “Qəbələ” ilə 2,5 illlik müqavilə imzalayan və karyerası ərzində İngiltərədə “Tottenhem”, Fransada “Strasburq”, “Dijon”, “Ayaçço”, İsraildə  Təl-Əviv  “Makkabi”si  kimi  klubların heyətində çıxış etmiş Yannik son 3 ili Türkiyə Superliqasında keçirib. O, həmin müddətdə “Sivasspor”un (2,5 mövsümdə 40 oyuna 15 qol) və “Mersin İdman Yurdu”nun (8 oyun) şərəfini qoruyub.