“Qəbələ” Gəncədə “dayandı”
Oyun icmalı / 7 Mart 2012 | 13:06755
“Qəbələ” Gəncədə “dayandı”

"Kəpəz" - "Qəbələ" 3:2
7 mart 2012. Saat 14:00. Gəncə şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev
Dördüncu hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əmir Zamanov
Sarı vərəqələr: Sabir Allahquliyev, 39  // Deon Burton, 35 ; Stiv Olfers, 56 
Qırmızı vərəqə: Deon Burton, 35 
Qollar: Sabir Allahquliyev, 72; Yuri Fomenko, 75; Junivan Suares, 87 // Lyuba Baranin, 32; Yannik Kamanan, 85
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


Unibank Premyer  Liqasının 19-cu turundan təxirə salınmış oyununda “Qəbələ” səfərdə Gəncə “Kəpəz”i ilə üz-üzə gəldi. Fərqli altılıqlarda mübarizə aparacaq komandalardan “Qəbələ” mükafatçılar sırasına düşmək üçün qələbəyə ehtiyac duyurdusa, “Kəpəz” elita qalmaq üçün 3 xal uğrunda çarpışacaqdı.

Matç tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürdü. Meydançanın ot örtüyünün qənaətbəxş vəziyyətdə olmaması matçın baxımlı alınmasına təsir edən amillərdən idi. Məhz bu səbəbdən komandalar hücum qurmaqda çətinlik çəkirdilər. Oyunun ilk təhlükəli vəziyyəti 13-cü dəqiqəyə təsadüf etdi. Yannik Kamanan cərimə zərbəsi təhlükəli alındı. 21-ci dəqiqədə Yannik bir daha diqqət mərkəzinə düşdü. Onun başla qapıya göndərdiyi topu kiper Tural Abbaszadə zərərsizləşdirdi. İlk hissədə daha üstün oyun nümayiş etdirən “Qəbələ” 32-ci dəqiqədə hesabı açdı. Künc zərbəsindən ötürülən topu Lyubo Baranin tora göndərdi. Üç dəqiqə sonra Fatih Kavlakın yetirmələri azlıqda qaldı. Deon Barton qırmızı vərəqə ilə cəzalandırıldı. Say üstünlüyü qazanan “Kəpəz” hücumların kəsərini artırsa da, ilk hissədə başqa qol olmadı.

İkinci hissəyə meydan sahibləri daha fəal başladı. Azlıqda qalan “Qəbələ” isə əsasən müdafiəyə diqqət ayırmışdı.  Buna baxmayaraq, 72-ci dəqiqədə “Kəpəz” hesabı bərabərləşdirməyə müvəffəq oldu. Sabir Allahquliyev dəqiq zərbə ilə qapıya yol tapdı – 1:1. Cəmi 3 dəqiqə sonra Gəncə təmsilçisi hesabda irəli çıxdı. Yuri Fomenko fərqləndi – 2:1. Hesabda geriyə düşən “Qəbələ” hücumlarının kəsərini artırmağa başladı. Ön xətdə müdafiəçiləri təzyiq altında saxlayan Yannik Kamanan qarşılaşmanın 85-ci dəqiqəsində istəyinə nail oldu. Tərzin Cahangirovdan ötürmə alan hücumçu status-kvonu bərpa etdi – 2:2. Lakin bu da matçın son qolu olmadı. Cəmi iki dəqiqə sonra Junivan Suares “Qəbələ” müdafiəçilərinin sayıqlığı itirməsindən istifadə edərək komandasının qələbə topunu vurdu – 3:2.

Beləliklə, “Qəbələ” 2012-ci ildə ilk məğlubiyyətini aldı. Bu uğursuzluqla komandanın 8 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyuldu. 

“Kəpəz”

22. Tural Abbaszadə
5. Əli İsmayılov
15. Şahin Kərimov
4. Azər Məmmədov (k)
25. İon Arabadji
27. Pərvin Paşayev
(19. Zaur Əsədov, dəq.73)
2. Nail Məmmədov
(23. Junivan Suares, dəq.62)
8. Armand Feutchine
(14. Dmitri Parxaçov, dəq.82)
11. Sabir Allahquliyev
18. Nikolay Svejentsev
30. Yuri Fomenko

Ehtiyat oyunçular:

1. Xəyal Zeynalov
17. Renat Sultanov
9. Ceyhun Əhmədov
3. Vasif Haqverdiyev

Baş məşqçi: Fuad İsmayılov

“Qəbələ”

30. Qrem Smit
6. Lyuba Baranin (k)
8. Bruno da Silva
(21. Elmar Baxşıyev, dəq.69)
10. Deon Burton
11. Yannik Kamanan
18. Aleksandr Çertoqanov
(15. Nodar Məmmədov, dəq.90)
20. Stiv Olfers
24. Tərzin Cahangirov
26. Daniel Lopez Kruz
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario
(17. Arif İsayev, dəq.83)

Ehtiyat oyunçular:

1. Elnar Kərimov
22. Murad Hüseynov
25. Nuran Qurbanov
33. Saşa Yunisoğlu