Akademiyanın komandaları yeni mövsümə hazırlaşır
Xəbərlər / 15 Avqust 2017 | 15:53243
Akademiyanın komandaları yeni mövsümə hazırlaşır

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir. Akademiyamız 2017/18 mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq. Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verib. Təmsilçilərimiz məşqlərə avqustun 2-də start verib.
Akademiyamızda 5 yeni məşqçi də fəaliyyətə başlayıb. Onlardan biri “Qəbələ”nin sabiq futbolçusu Əli İsmayılovdur. O, U-15-də baş məşqçi Rakif Əliyevin köməkçisi kimi çalışacaq. Futbolçu karyeralarını bir müddət əvvəl başa vuran Rüstəm Məmmədov U-11, Elnur İmanquliyev U-10 yaş qrupunda 1-ci komandaya baş məşqçi təyin edilib. Həmin yaş qrupları üzrə 2-ci komandalarda da yeni məşqçilər çalışacaq. Gənc çalışdırıcılardan Azad Kərimov U-11, Teymur Həbibov U-10-da məşqçilik edəcək.
“Qəbələ”nin iki komanda ilə təmsil olunduğu yaş qruplarında U-13-də Namiq Əliyevlə Rafael Cəbrayılov, U-12-də Şəhruz Mustafayevlə Aqil Mirzəyev çalışacaq. Əvəzedici komandanın baş məşqçisi Elmar Baxşıyevə Azər Həşimov kömək edəcəksə, U-19-da Emin İmaməliyevə Şəhriyar Kərimli, U-17-də Famil Xəlilova Turxan Ümüdlü yardımçı olacaq. U-16-da Zaur Hacıyevin köməkçisi Rəvan Rəcəblidirsə, U-14-də Ülfət Mədətovla Sahil Nəcməddinov çalışacaq. Kiçik yaş qruplarından U-9 Anar Surxayevin, U-7 Fərid Məmmədlinin rəhbərliyi altında məşqlərini gerçəkləşdirir. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Sahil Kərimov, Teymur Musayev, Elçin Rzazadə və Oruc Quliyev, həmçinin videoanaliz üzrə mütəxəssis Sərdər Qafarov da iştirak edir.