Qəbələdə beynəlxalq taekvondo turnirinə start verildi - Fotoreportaj
Xəbərlər / 17 Noyabr 2017 | 17:51205
Qəbələdə beynəlxalq taekvondo turnirinə start verildi - Fotoreportaj

“Qəbələ” idman klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qəbələ Open” beynəlxalq birinciliyinə start verilib. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yarışda Türkiyə, Rusiya, İraq, Gürcüstan təmsilçiləri, həmçinin ölkəmizin regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qüvvəsini sınayır.

Üç gün davan edəcək turnirin təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır. Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparırlar.

Yarışı ATF-in hakimləri idarə edirlər. “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.

Birinciliyin ilk günündə 2008-2009 təvəllüdlü uşaqların mübarizəsində oğlanlar 21 kq, 27 kq, 30 kq, 36 kq və +36 kq, qızlar 21 kq, 24 kq, 27 kq və 30 kq çəki dərəcəsində

ən güclüləri müəyyənləşdirəcək. Bu gün 2006-2007 təvəllüdlü oğlanlar 30 kq, 36 kq, 40 kq, 44 kq, 52 kq və 57 kq, qızlar 27 kq, 30 kq, 33 kq, 36 kq və 40 kq kateqoriyalarında qüvvələrini sınayacaqlar. Yeniyetmə oğlanlar 37 kq, 41 kq, 57 kq və 65 kq, qızlar 37 kq, 41 kq, 44 kq, 47 kq, 51 kq və 55 kq çəki dərəcəsində çıxış edəcəklər.

Noyabrın 18-də 2008-2009 təvəllüdlü oğlanlar 24 kq və 33 kq, 2006-2007 təvəllüdülü oğlanlar 27 kq, 33 kq və 48 kq çəki dərəcəsində mübarizə aparacaqlar. Yeniyetmə idmançıların yarışında oğlanlar 33 kq, 45 kq, 49 kq və 53 kq, qızlar 29 kq və 33 kq çəki dərəcəsində medallar üçün mübarizə aparacaq. Yarışın son günündə - noyabrın 19-da gənclər arasında yarışa start veriləcək.