Əvəzedicilər Gürcüstana gedəcək
Xəbərlər / 31 İyul 2017 | 21:48284
Əvəzedicilər Gürcüstana gedəcək

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təlim-məşq toplanışı keçirəcək. “Qırmızı-qaralar” sabah qonşu ölkəyə yollanacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandamız avqustun 2-də Tiflis “Dinamo”sunun əvəzediciləri ilə görüşəcək. Ayın 4-də “qırmızı-qaralar” “Saburtalo”nun U-19, 6-da isə Tiflis “Lokomotiv”inin əvəzediciləri ilə görüşəcək.

Avqustun 7-də Qəbələyə qayıdacaq “Qəbələ” iki günlük istirahətə buraxılacaq. Komandamız istirahətdən sonra bir araya gələrək, hazırlıqlarını Qəbələ şəhər stadionunda yekunlaşdıracaq.

Xatırladaq ki, əvəzedicilər iyulun 19-dan 25-dək Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində də 3 yoxlama matçında qüvvəsini sınamışdı. “Kəpəz”in əvəzedicilərini 3:0, “Sumqayıt”ın əvəzedicilərini 3:2 hesabı ilə məğlub edən komandamız “Qaradağ Lökbatan”a 2:1 hesabı ilə qalib gəlib. İki günlük istirahətdən sonra hazırlıqlarını Qəbələdə davam etdirən Baxşıyevin yetirmələri bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.