7 oyun, 7 qələbə
Xəbərlər / 31 Oktyabr 2014 | 19:07427
7 oyun, 7 qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol liqalarında növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları son bir həftədə  müxtəlif yaş qruplarında qüvvələrini sınayıb. “Qırmızı-qaralar” meydana çıxdığı 7 görüşün hamısında qələbə qazanıb.
U-19 komandası çətin səfər matçında “İnter”ə qalib gəlib – 2:1. 5 oyunda 10 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşsa da, ehtiyatda 1 oyunu var. Komanda növbəti turda öz meydanında “Bakı”nı sınağa çəkəcək.
Evdə “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edən U-17 ardıcıl 5-ci oyununda da qalib gəlib. 100 faizlik nəticə ilə vahid liderliyini davam etdirən “Qəbələ” növbəti turda “İnter”in qonağı olacaq.
Öz meydanında “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edən U-16 5 oyunda 13 xal toplayıb. 3-cü yerdə qərarlaşan “qırmızı-qaralar” növbəti oyunda “İnter”in qonağı olacaq.
5 matçdan sonra 13 xal toplamaqla vahid lider olan U-15-in “İnter”lə səfər matçı təxirə salınıb. Litvadakı beynəlxalq turnirdən qayıdan komandamız qarşıdakı turda “Vətən”lə səfər matçına çıxacaq.
Paytaxt zonasında çıxış edən U-14 “Neftçi” İK İB ilə qarşılaşmada qalib gəlib – 3:2. 5 turda 10 xal toplamaqla liderlər qrupunda yer alan “qırmızı-qaralar”ın növbəti rəqibi “Sərhədçi”dir.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-13 İsmayıllı UGİM-ini məğlub edib – 6:0. Ardıcıl 4 böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. Komandamız növbəti turda liderlə – “Daşqın”la üz-üzə gələcək.
“Rabitəçi”ni 5:1 hesabı ilə məğlub edən U-12 5 qarşılaşmada topladığı xalların sayını 11-ə çatdırıb. 3-cü pillədə qərarlaşan “Qəbələ” növbəti oyunda Qaxın UGİM-i ilə qarşılaşacaq.
U-11-lərin Qəbələ komandalarının duelində UGİM-ə qalib gəlib – 5:1. 4-cü matçında 3-cü qələbəsini qazanan komandamız qarşıdakı turda “Daşqın”ı sınağa çəkəcək.