«Qəbələ» İtaliyada qrup qalibi oldu
Xəbərlər / 31 Mart 2018 | 20:19537
«Qəbələ» İtaliyada qrup qalibi oldu

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda qrup mərhələsinə yekun vurulub. E qrupunda mübarizə aparan “Qəbələ” bu mərhələni uğurla adlayıb. “Qırmızı-qaralar” turnirə Bolqarıstanın “Sofiya Sport B” komandası üzərində 14:0 hesablı qələbə ilə start verib. Bu qarşılaşmada Elmir Hüseynli 4, Sənan Ağalarov, Mirimran Musayev, Eşqin Əhmədli hərəyə 2, Okan Təhməzli, Ravil Qafarov, Hüseynağa Səlimov və Murad Ələkbərov hərəyə 1 qol vurub.

Komandamız II turda İtaliya təmsilçisi “Liventina”nı 11 cavabsız qolla məyus edib. Elmir Hüseynli və Sadiq Şəfiyevin hərəyə 2 top vurduğu görüşdə Sənan Kərimov, Elvin Qarayev, Rüfət Bədəlzadə, Mirimran Musayev, Ravil Qafarov, Hüseynağa Səlimov, Murad Ələkbərov bir dəfə fərqlənib.

“Qəbələ” qrup mərhələsinin son oyununda daha bir İtaliya klubu “Ankona” ilə üz-üzə gəlib. Klubumuzun turnirin təşkilatçılarına müraciətinə əsasən qarşılaşmadan öncə 31 mart Azərbaycanlıların soyqırımı günü stadionda italyan dilində elan olunub və soyqırım qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Qırmızı-qaralar” “Ankona”nı 3:1 hesabı ilə məğlub edib. Bu oyunda Elmir Hüseynli 2, Murad Ələkbərov 1 qol sevinci yaşayıb. Beləliklə, qrupdakı hər üç matçda qalib gələn komandamız mərhələni 1-ci yerdə başa vurub. “Qəbələ” 1/8 finalda Xorvatiyanın “Hayduk” (Split) klubu ilə qarşılaşacaq.