Seleksiya qrupu yaradıldı
Xəbərlər / 19 Dekabr 2012 | 11:57398
Seleksiya qrupu yaradıldı

Daim yeniliklərlə yadda qalan “Qəbələ” Futbol Klubu daha bir ilkə imza atıb. “Qəbələ” Futbol Akademiyasına istedadlı futbolçuların cəlb olunması üçün daha öncə il ərzində bir neçə dəfə seçimlər keçirən klub bu sahədə işləri sürətləndirmək və daha effektiv nəticə qazanmaq məqsədilə ölkədə ilk dəfə seleksiya qrupu yaradıb. Qrupa tanınmış mütəxəssis Böyükağa Ağayev rəhbərlik edir. Seleksiya işlərində Ağayevə Cavanşir Novruzov (Bakı zonası), Azər İsmayılov (Şimal zonası), Teymur Hüseynov (Mərkəzi Aran rayonları), Rövşən Süleymanov (Cənub), Firuz Qulami (Gəncə) kömək edəcəklər. Bu addımı atmaqda başlıca məqsəd respublika ərazisində 10-16 yaşlı futbolçular arasında keçirilən yarışların izlənməsi, istedadlı futbolçuların müəyyənləşdirilməsi, onların çıxışını mütəmadi olaraq diqqətdə saxlanılması, nəticədə ölkədə potensialı olan gənclər haqqında məlumat bazasının formalaşdırılmasıdır. Seleksiya qrupunun yaradılması zamanı Avropa klublarının təcrübəsindən yararlanan “Qəbələ” bu addımı atmaqla akademiyanın bütün yaş qruplarını gələcək vəd edən futbolçularla təmin etməyi hədəfləyir.