7-ci start – “Qəbələ” “Neftçala”ya qarşı
Xəbərlər / 27 Noyabr 2011 | 20:001065
7-ci start – “Qəbələ” “Neftçala”ya qarşı

7-ci start – “Qəbələ” “Neftçala”ya qarşı

Noyabrın 30-da “Neftçala” ilə qarşılaşacaq “Qəbələ” Azərbaycan kubokunda 7-ci mövsümə başlayacaq. İlk dəfə 2005/06 mövsümündə kubok yarışlarına qatılan komandamız arxada qalan 6 mövsümdə fərqli nəticələr göstərib. Belə ki, 2 dəfə yarımfinala qədər irəliləyən futbolçularımız 1 dəfə 1/4, 3 dəfə isə 1/8 final səddinə “ilişib”. 

27 kubok matçına çıxan komandamız ilk dəfə Fatih Kavlakın rəhbərliyi altında bu yarışda oynayacaq. Əvvəlki görüşlərin 6-da Faiq Cabbarov, 18-də Ramiz Məmmədov, 3-də isə Toni Adamsın rəhbərliyi altında meydana çıxan “Qəbələ”nin türkiyəli çalışdırıcısı isə Azərbaycan kubokunda debüt edəcək.

Komandamızın kubokdakı bombardiri Kənan Kərimov 7 qol vurub. Bu yarışda ən çox “Qəbələ” forması geyən Samir Zərgərovun hesabında isə 15 oyun var.

“Neftçala” ilə oyun evdə keçiriləcək ki, komandamız doğma meydandakı kubok oyunlarında kifayət qədər uğurlu çıxış edir. Evdə son kubok məğlubiyyəti 2007/08 mövsümünün yarımfinalında qeydə alınıb. 2008-ci il aprelin 9-da “Xəzər Lənkəran”a 1:3 hesabı ilə uduzduqdan sonra heç kim “Qəbələ”dəki kubok matçından qalib ayrılmır. Bundan sonrakı 3 mövsümdə komandamız evdə 6 oyuna çıxıb və uduzmayıb.

2005/06 4 2 1 1 6-1 7 1/8 final
2006/07 4 2 0 2 11-5 6 1/8 final
2007/08 8 3 3 2 10-8 12 1/2 final
2008/09 6 4 4 1 8-8 13 1/2 final
2009/10 2 1 0 1 1-2 3 1/8 final
2010/11 3 1 1 1 2-1 4 1/4 final
Cəmi 27 13 6 8 38-25 45    
Evdə 14 8 4   2 21-7 28  
Səfərdə 13 5 2 6 17-18 17    

Yeni adlar, köhnə tanışlar

Mübarizəyə 1/8 final mərhələsindən başlayacaq “Qəbələ” üçün kubok mövsümü “Neftçala” ilə oyunla start götürəcək. Komandamız tarixi ərzində bu rəqiblə əvvəllər də görüşüb. Bu, 2005/06 mövsümünə təsadüf edib. Həmin vaxt klublar I dəstədə üz-üzə gəliblər. Aşağı divizionda baş tutan qarşılaşmalar zamanı hər 2 komanda fərqli adla çıxış edirdi. Yeni adla ilk dəfə üz-üzə gələnlərin sonuncu qarşılaşması 5 il 9 ay, yəni 2086 gün əvvəl baş tutub. Həmin vaxtkı qarşılaşmalarda rəqiblər hərəyə 1 dəfə qalib gəliblər. “Qəbələ”nin neftçalalılarla oyunlarda iştirak etmiş heyətindən heç kim komandamızda qalmayıb. Qeyd edək ki, I dəstədə komandamız Rövşən Əhmədov və Rəşad Yusubovun qolları ilə qələbə qazanmışdı. II dövrədə isə rəqib minimal hesaba sevinmişdi.

2005/06 12.10.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Anşad-Petrol (Neftçala) 2:0
2005/06 15.03.2006 Birinci divizion Anşad-Petrol (Neftçala) - Gilan (Xanlar) 1:0