İslam Həmrəyliyi Oyunları gündəliyi – 13.05.2017
Xəbərlər / 13 May 2017 | 23:391438
 İslam Həmrəyliyi Oyunları gündəliyi – 13.05.2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günü “Qəbələ” İdman Klubunun üzvləri də mübarizəyə qoşulub. Təmsilçilərimizin cüdo, boks və karatedə çıxışı uğurlu olub. İdmançılarımız günü 1 qızıl və 2 gümüş medalla başa vurub.
Cüdoçuların yarışında tatami üzərinə çıxan hər iki idmançımız finala qədər irəliləyib. Onlar gümüş medala yiyələnib. 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı yarışa yarımfinaldan başlayıb. Aişə ilk cəhdində iordaniyalı Ayah Kitaneyə heç bir şans verməyib. Qurbanlı finalda Azərbaycan yığmasının digər təmsilçisi Erdenebat Bazarraqça ilə görüşüb. Həlledici qarşılaşmada məğlub olan cüdoçumuz İslam Həmrəyliyi Oyunlarını gümüş mükafatla başa vurub.
Kifayət Qasımovanın ilk cəhdi 1/8 finala təsadüf edib. Mərakeşli Yusra El Buhariyə ipponla qalib gələn cüdoçumuz ardınca qırğızıstanlı Kseniya Beldiaginanı da vaxtından əvvəl məğlub edib. O, yarımfinalda Züleyxa Dabonne (Fil Dişi Sahili) ilə gücünü yoxlayıb və tatamidən qalib kimi ayrılıb. Qasımovanın finalda rəqibi Ratiba Tariket olub. Bu görüşdən əlcəzairli cüdoçu qalib ayrılıb.
Boksçularımızdan ikisi rinqə çıxıb. Kamran Şahsuvarlı 1/8 final səddini uğurla adlayıb. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk döyüşünü keçirib. İdmançımız mübarizəyə 1/8 finaldan başlayıb. O, Qayana təmsilçisi Desmond Amsterdam ilə qarşılaşıb. Rəqibindən üstün olan Şahsuvarlı hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0. Kamranın növbəti rəqibi türkiyəli İhsan Ərdoğan olacaq. 1/4 final mərhələsinin görüşü mayın 16-da baş tutacaq.
81 kq çəki dərəcəsində yarışan Rauf Rəhimov da 1/8 final səddini uğurla adlayıb. O, Hafidz Adli Mohdu (Malayziya) mübarizədən kənarlaşdırıb. Onun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Boksçumuz Əli Xanla (Pakistan) qarşılaşacaq
Karateçilərin yarışında qızıl medal qazanan Rafael Ağayevlə yanaşı Niyazi Əliyev də tatami üzərinə çıxıb. 67 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda Nasir Əhmədə (Pakistan) 4:0 hesabı ilə qalib gəlib. Niyazinin 1/4 finaldakı rəqibi Ali Elsavi (Misir) olub. Bu görüşdə 0:2 hesabı ilə uduzan karateçimiz mübarizəni dayandırıb.