Klubumuzun məşqçisi milli komandada
Xəbərlər / 13 Dekabr 2017 | 11:34388
Klubumuzun məşqçisi milli komandada

Bu gün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının məşqçilərinin adları açıqlanıb. Ölkəmizin U-21, U-19, U-17, həmçinin yeni formalaşdırılan U-20 və U-18 yığmalarının baş məşqçiləri və onların köməkçiləri müəyyənləşib. “Qəbələ”nin məşqçisi Ramin Quliyev də yeni təyinat alıb. “Qırmızı-qaralar”ın əsas komandasının məşqçisi olan 36 yaşlı mütəxəssis bundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə rəhbərlik edəcək.

Məşqçilik fəaliyyətinə “Qəbələ”də başlayan Quliyev akademiyada müxtəlif yaş qrupları üzrə komandalarla çalışıb. 12 yaşa qədər futbolçulardan ibarət komanda onun başçılığı altında U-12 Liqasında 2013/2014 mövsümünü gümüş mükafatla yekunlaşdırıb. Mütəxəssis 2014-cü ilin sonunda əsas komandada baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi kimi fəaliyyət göstərib. 

2014/2015 mövsümündə “Qəbələ”nin U-17 komandasının “sükanı arxasına” keçən Quliyevin yetirmələri həm U-17 Liqası, həm kubokun qalibi olublar. 2015-ci ilin yayında əvəzedicilərdən ibarət heyətin baş məşqçisi təyin olunan gənc çalışdırıcı bu komanda ilə də çempionluq sevinci yaşayıb. Onun yetirmələri 2015/2016 mövsümündə əvəzedicilərin yarışını qızıl medallarla bitiriblər. Quliyev 2016-cı ilin yayından əsas komandanın məşqçisi kimi fəaliyyət göstərib.

“Qəbələ” İdman Klubu Ramin Quliyevə komandalarımızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.