Premyer Liqada 75-ci səfər qolu
Xəbərlər / 16 Dekabr 2011 | 20:00761
Premyer Liqada 75-ci səfər qolu

Unibank Premyer Liqasının XVII turunda “Turan”a qalib gələn “Qəbələ” uğurlu ənənələrini davam etdirdi. Ardıcıl 8-ci dəfədir Tovuz təmsilçisini məğlub edən komandamız səfərdə 4-cü dəfə qələbəni sıraladı. Son 5 səfər matçında isə futbolçularımız qol da buraxmır. 

Bu dəfəki qələbə həm də baş məşqçi Fatih Kavlak üçün əlamətdar oldu. Türkiyəli mütəxəssis komandamızın “sükanı arxasında” ilk səfər qələbəsini qazandı. Bunadək yeganə səfər matçını “Bakı”ya qarşı keçirən Kavlakın yetirmələri 1:2 hesabı ilə məğlub olmuşdu. İkinci səfərdə isə ilk qələbə əldə olundu. 

Şəmkirdə ilk oyununu keçirən “Qəbələ” “siftə”ni quru qələbə ilə əldə etdi. Qələbə qolu isə komandamızın Premyer Liqadakı səfər oyunlarındakı 75-ci yubiley qolu oldu. Futbolçularımız səfərdəki ilk qolunu 2006/07 mövsümündə vurmuşdu. 2006-cı il avqustun 11-də “MKT-Araz”a 1:4 hesabı ilə uduzan “Qəbələ”nin yeganə qoluna Vüsal Qarayev imza atmışdı.

Premyer Liqadakı səfər qolları
2006/07 – 11 qol (12 oyun) 
2007/08 – 15 (13)
2008/09 – 12 (13)
2009/10 – 16 (16)
2010/11 – 14 (16)
2011/12 -  7 (8)
Cəmi – 75 (78)

“Turan”la qarşılaşmada daha bir futbolçu mövsümdə ilk oyununu keçirib. Bu, komandamızda 3-cü mövsümünü keçirən Sergey Sokolovdur. Sonuncu dəfə ötən mövsümün təsnifat mərhələsində meydana çıxan müdafiəçi bu il fevralın 13-də “Qarabağ”la qarşılaşmanın iştirakçısı olmuşdu. 305 gündən sonra meydana çıxan Sokolov həmin vaxt 0:3 hesabı ilə uduzulan matçda 90 dəqiqə əvəzlənmədən meydanda olub sarı vərəqə almışdısa, bu dəfə uzatma dəqiqəsində meydana daxil oldu.