«Qəbələ»dən əzmkar heç-heçə
Xəbərlər / 5 May 2012 | 15:19281
«Qəbələ»dən əzmkar heç-heçə

"Xəzər-Lənkəran" - "Qəbələ" 1:1

05 may 2012. Saat 17:30. Lənkəran şəhər stadionu. 8000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Zeynal Zeynalov
Dördüncu hakim: Elvin Əsgərov 
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rüfət Hüseynov
Sarı vərəqələr: Rikardo Qomeş, 17 (qeyri-idman hərəkəti); Katalin Doman, 60 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 82 (qeyri-idman hərəkəti) // Ürfan Abbasov, 14 (rəqibi tutduğuna görə); Aleksandr Çertoqanov, 17 (qeyri-idman hərəkəti); 31 (qeyri-idman hərəkəti); Yannik Kamanan, 75 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 31 (qeyri-idman hərəkəti)
Qollar: Adrian Pit, 59 // Viktor Mendi, 87
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Unibank Premyer Liqasının 31-ci turunda "Qəbələ" səfərdə "Xəzər Lənkəran"la üz-üzə gəldi. Mövsümün sonuna 2 tur qalmış sözügedən qarşılaşma Avroliqaya vəsiqə qazanmaq baxımından hər iki tərəf üçün əhəmiyyət kəsb edirdi. 
Matç tərəflərin diqqətli hücumları ilə start götürdü. İlk dəqiqələrdə meydan sahibləri daha fəal olsalar da, dəqiqələr keçdikcə "Qəbələ" üstünlüyü ələ keçirdi. Xüsusən sol cinahdan Dodo-Ürfan cütlüyünün təşkil etdiyi hücumlar daha təhlükəli alınırdı. Belə hücümlardan birində Urfan topu əlverişli mövqedə olan Mendiyə göndərsə də, ikincinin zərbəsi alınmadı. Buna qədər Mendi sağ cinahdan Nodar Məmmədovun asmasını da dəyərləndirə bilməmişdi. 24-cü dəqiqədə Urfan Abbasov yenə təhlükəli asma ilə yadda qaldı. Amma bu dəfə də nə Kamanan, nə də Mendi hücumu müsbət sonluqla tamamlaya bilmədi. Matçın ən önəmli anlarından biri 31-ci dəqiqəyə təsadüf etdi. Çertaqanovun sürüşmə fəndi ilə topa müdaxiləsini qeyri-idmani hərəkət kimi dəyərləndirən qarşılaşmanın hakimi Rəhim Həsənov futbolçuya ikinci sarı kartı göstərməklə qırmızı vərəqə ilə cəzalandırdı. Bu dəqiqədən sonra azlıqda qalan "Qəbələ" əsasən əks hücümlara üstünlük verməyə başladı. Hissənin sonunadək Dodo sürəti hesabına iki dəfə fərqlənmək imkanı qazansa da, hesab açılmadı.
İkinci hissənin ilk təhlükəli vəziyyəti də, qonaqların aktivinə yazıldı. Kamanan uzun reyddən sonra qapını nişan alsa da, "meşin yuvarlaq" Kamran Ağayev səddində ilişdi. 59-cu dəqiqədə isə meydan sahibləri hesabı açdılar. Adrian Pit topu cərimə zərbəsindən birbaşa tora göndərdi. Hesabda və futbolçu sayında rəqibindən geri qalan "Qəbələ" qoldan sonra hücumlarının kəsərini biraz da artırdı. Matçın əsas vaxtının bitiminə 3 dəqiqə qalmış Fatih Kavlakın yetirmələri nəhayət ki, istəklərinə çatdılar. Oyuna sonradan daxil olan Daniel Kruzun zərbəsini Viktor Mendi dəqiq baş zərbəsi ilə tamamladı - 1:1. Matça əlavə olunmuş son dəqiqədə "Qəbələ" Kamananın zərbəsi ilə meydan sahiblərinin qapısına yol tapsa da,  hakim oyundankənar vəziyyət qeydə aldı və oyun 1:1 hesabilə yekunlaşdı. 
Mübariz oyun nəticəsində "Qəbələ" aktivinə 1 xal əlavə etsə də, bu komandanın hədəfinə çatması üçün yetərli olmadı və "Qəbələ Avroliqaya vəsiqə şansını itirdi. 
 
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 7. Katalin Doman (15. Sadio Tounkara, dəq.88), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (10. Elnur Abdullayev, dəq.81), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomeş (30. Rendal Brenes, dəq.74)

“Qəbələ”: 30. Qrem Smit , 3. Vurğun Hüseynov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 34. Ürfan Abbasov (26. Daniel Lopes Kruz, dəq.81), 77. Luiz Paulo Hillario

Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Biz hər oyunda qələbə üçün oynayırıq. “Qarabağ” – “İnter” oyununun nəticəsinə görə Avrokubok şansımızı gözləyirdik. Artıq çempionatın son oyununa hazırlaşacağıq.”.

Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandada arxayınçılıq var idi. İlk qoldan sonra isə futbolçular müdafiədə oynadı. Bu cür futbolu bəyənmirəm. Komandadan narazı qaldım. “Qəbələ” bu gün  yaxşı oyun göstərdi”.