«Qəbələ»nin 4-cü sınağı
Xəbərlər / 26 Yanvar 2018 | 21:41315
«Qəbələ»nin 4-cü sınağı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində 2-ci, qış fasiləsində 4-cü görüşünə çıxacaq. Yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın “Rabotniçki” (2:1) klubları ilə görüşən komandamızın növbəti rəqibi Rusiya təmsilçisi “Arsenal” olacaq.

Tula şəhərinin klubunun əsası 1946-cı ildə qoyulub. Uzun illər SSRİ və Rusiyanın aşağı liqalarında çıxış edən “Arsenal” 2007-ci ildə fəaliyyətini dayandırıb. 4 ildən sonra bərpa olunan komandanın yüksəliş dövrü də bundan sonraya təsadüf edib. Qısa müddətdə 2-ci və 1-ci divizionlarda uğur qazanan komanda 2014-2015-ci illər mövsümündə Premyer Liqada oynamaq hüququ da əldə edib. Elə həmin debüt cəhdində aşağı dəstəyə yuvarlanan Tula təmsilçisi 1 ildən sonra geri dönüb. 2016-2017 mövsümündə də Premyer Liqanın autsayderlərindən olan “Arsenal” sonda 14-cü olmaqla elitada qalıb. Cari mövsüm klub tarixinin ən uğurlusu sayılır. 20 oyunda 25 xal toplayan komanda qış fasiləsinə 8-ci pillədə yollanıb.

“Arsenal”la görüş Antalyanın Qloriya məşq meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Qəbələ” indiyədək Tula təmsilçisi ilə qarşılaşmasa da, Rusiyanın digər klubları ilə yoxlama matçları keçirib. Müxtəlif illərdə “Amkar” (1:1), “Tom” (2:1), “Baltika” (1:1), “Volqa” Nijni Novqorod (0:1), “Kuban” (0:2) və “Axmat”la (0:1) qarşılaşmalarda qüvvəsini sınayan “qırmızı-qaralar” avrokubokları saymasaq, 7-ci dəfə Rusiya təmsilçisi ilə üz-üzə gələcək.

Yoxlama oyunu

27 yanvar

18:00. “Qəbələ” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya)

Qloriya məşq meydançaları