“Qəbələ” “Sumqayıt Şəhər”lə matça hazırdır
Xəbərlər / 1 Dekabr 2011 | 20:001050
“Qəbələ” “Sumqayıt Şəhər”lə matça hazırdır

Unibank Premyer Liqasının 15-ci turu çərçivəsində bazar günü doğma meydançada “Sumqayıt Şəhər”lə qarşılaşacaq “Qəbələ” matçöncəsi son məşqinə sabah çıxacaq. İki gün öncə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala”nı mübarizədən kənarlaşdıran komandamızın heyətində bəzi itkilər olsa da, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür. Deon Barton, Abdulkader Kamara və Rövşən Əmiraslanov zədəyə, Mahir Şükürov isə UEFA-nın qadağasına görə “Sumqayıt Şəhər” qarşı forma geyə bilməyəcəklər.

Komandamızın baş məşqçisi Fatih Kavlak rəqibin gənclərdən qurulmuş perspektivli heyətə malik olduğunu, buna baxmayaraq 3 xalın “Qəbələ”nin aktivinə yazılacağını bildirdi: ”Matça həm fiziki, həm də psixoloji olaraq hazırıq. Tək hədəfimiz azarkeşlərimiz qarşısında gözəl oyun nümayiş etdirərək 3 xalı qazanmaqdır. Heyətdə bəzi itkilərimiz var. Əminəm ki, futbolçularım oyunları ilə bu itkiləri hiss etdirməyəcəklər. Rəqib isə gənclərdən təşkil olunmuş çox intizamlı komandadır. Müdafiədə diqqətli oynayırlar. Heyətlərində Azərbaycan futbolunun gələcəyi üçün çox önəmli futbolçular var. Amma bu oyunda qələbə bizim üçün çox vacibdir və inanıram ki, matçın sonunda sevinən tərəf biz olacağıq”.

Xatırladaq ki, təsnifat mərhələsinin birinci dövrəsində “Qəbələ” səfərdə Sumqayıt təmsilçisini 2:1 hesabilə məğlub etmişdi.