Ali Yavaş: “Hədəflərimiz böyükdür”
Xəbərlər / 15 Dekabr 2011 | 20:00144
Ali Yavaş: “Hədəflərimiz böyükdür”

“Azərbaycan futboluna daim yeniliklər bəxş edən “Qəbələ” Futbol Klubu növbəti bu cür layihəsini həyata keçirir. Dünya futbolunun lideri “Barselona” klubu ilə qurulan əməkdaşlığın klubumuza verəcəyi fayda çox böyük olacaq”. Bu sözlər Qəbələ Futbol Akademiyasının direktoru Ali Yavaşa aiddir.

Hazırda Qəbələdə Barselonadan gəlmiş üç mütəxəssis – Xosep Moratalla, Xavyer Aquado və Karles Martorellin iştirakı ilə keçirilən seminar haqqında akademiya direktoru “gabalafc.az”a açıqlamasında qeyd etdi ki, bu, yerli məşqçilərimizin  həm futbol biliklərinin artırılmasında, həm də sosial inkişaflarında ilk addım deyil: “Bildiyin iz kimi, bu ilin fevral ayında İngiltərədə olduq. “Mançester Yunayted”, “Liverpul”, “Everton”, “Bləkbörn”, “Şeffild Yunayted” klublarının akademiya və stadionları ilə tanış olduq, ingilis mütəxəssislərlə fikir mübadiləsi apardıq. Onların futbola baxış şəkli, yeniyetmə və gənclərlə iş prinsipləri fərqlidir. Əlbəttə ki, gördüyümüz ən xırda detal belə bizim üçün faydalıdır. Avropa klublarının fəaliyyəti ilə yaxından tanış olmaq bizim üçün müqayisə aparmaq baxımından çox önəmlidir. İngiltərə səfərimizdən sonra Ukrayna və Rusiyada bəzi turnirlərdə iştirak etdik. Xüsusilə, bu yaxınlarda Sankt-Peterburq şəhərinə səfərimiz zamanı “Ayaks” Futbol Akademiyasının məşqçilər korpusu ilə görüşümüzü qeyd etmək istərdik. Dünya futboluna saysız-hesabsız ulduzlar bəxş etmiş hollandlara klubumuz haqqında məlumat verdik, eləcə də, onların fikirləri ilə tanış olduq. Eləcə də, bu ilin aprel ayında Türkiyənin Kuşadası şəhərində keçirilən beynəlxalq turnir zamanı təşkil olunmuş iki günlük seminarda da məşqçilərimiz iştirak etdilər. Xarici ölkələrə səfərlərimiz zamanı həm futbolçularımızın beynəlxalq təcrübələrini artırmaları, həm də azərbaycanlı məşqçilərin daha çox inkişaf etmələri üçün əlimizdən gələni əsirgəmirik”.

Ali Yavaş xüsusilə vurğuladı ki, hələ nəzərdə tutulan layihələrin başlanğıc mərhələsindəyik. Belə ki, qarşıdan gələn il ərzində məşqçilərin xarici ölkələrə uzun və qısamüddətli səfərləri təyin olunub ki, bunlar arasında həm İspaniya, həm MDB ölkələri, həm də Türkiyə klublarının düşərglərini ziyarət etmək nəzərdə tutulub: “Bu yaxınlarda Ukraynanın “Şaxtyor” klubunun nümayəndələri şəhərimizdə səfərdə oldular. Səfər zamanı “Şaxtyor”un hollandiyalı akademiya direktoru tərəfimizdən təşkil olunan seminarda iştirak etdi, öz fikirlərini bizimlə bölüşdü. Hazırda Ukrayna təmsilçisi ilə qarşılıqlı əməkdaşlıq haqqında müzakirələrimiz davam edir. Təbii ki, azərbaycanlı məşqçilərimizin inkişafı üçün “Şaxtyor”la əməkdaşlıq ciddi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qeyd etməliyəm ki, biz işlərimizi bütün müstəvilərdə kortəbii yox, peşəkar səviyyədə qururuq. Elə bu sahə də istisna deyil. Klub rəhbərliyinə təqdim etdiyimiz Məşqçi İnkişaf Proqramında anlatdıqlarımın hamısı öz əksini tapıb”.

“Barselona” Futbol Klubunun oyun və məşq prinsiplərini məşqçilərimizə aşılayan bu seminarın çox vacib olduğunu deyən türkiyəli mütəxəssis klub rəhbərliyinə öz minnətdarlığını bildirməyi də unutmadı: “Klubumuzun prezidenti Tale Heydərova şəxsim və məşqçi heyəti adından təşəkkürümü bildirirəm. Məhz bu cür layihələr sayəsində akademiyamızın yerli məşqçilərində hər keçən ciddi irəliləyiş olduğunu hiss edirəm. Ümidvaram ki, onlar bir neçə il daha çox təcrübə toplayacaqlar və ölkənin öndəgedən məşqçiləri sırasına daxil olacaqlar. Bunun üçün “Qəbələ” Futbol Klubunda hər cür şərait var”.