«Qəbələ»dən iki qələbə
Xəbərlər / 6 Mart 2015 | 18:40427
«Qəbələ»dən iki qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA-nın aşağı yaş qruplarından olan komandalar arasında təşkil etdiyi liqalarda növbəti turun matçlarında qüvvələrini sınayıb. Akademiyanın 4 komandasından ikisi turu qələbə ilə başa vurub.
U-19 Liqasında mübarizə aparan “qırmızı-qaralar” “Simurq”la ev qarşılaşmasından minimal hesablı qələbə ilə ayrılıb – 1:0. 19 oyunda 38 xal toplayan komandamız 2-ci pillədə qərarlaşıb. “Qəbələ” növbəti turda “Əlincə”nin qonağı olacaq.
U-17 isə AZAL-la ev oyununda böyükhesablı qələbəyə sevinib – 5:0. 14 qarşılaşmada 38 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridir. Komandamızın növbəti sınağı “Xəzər Lənkəran”la səfər görüşünə təsadüf edəcək.
Səfərdə “Sumqayıt”la qarşılaşan U-16 meydanı 1 xalla tərk edib – 1:1. 18 oyunda 47 xal toplayan “Qəbələ” liderliyini davam etdirir. Qarşıdakı turda komandamız “İnter”i qəbul edəcək.
“Bakı” ilə rəqib meydanında qarşılaşan U-15 səfərdən xalsız qayıdıb – 0:3. Buna baxmayaraq, 17 oyunda 35 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Növbəti turda doğma meydana çıxacaq “qırmızı-qaralar” “İnter”i sınağa çəkəcək.