«Qəbələ» Prezident Kubokunun yarımfinalında
Xəbərlər / 1 Oktyabr 2013 | 11:22333
«Qəbələ» Prezident Kubokunun yarımfinalında

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. Bu gün "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirin B qrupunun matçlarına yekun vurulub. Dördlüyün son - üçüncü oyununda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə qarşılaşıb. Startdan finaladək üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibini məğlub etməyi bacarıb - 2:1. Matçda hesabı Fərid Nəbiyev açıb. Dəqiq zərbə ilə toru silkələyən hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb. İkinci hissədə kiyevlilər hesabı bərabərləşdirməyə müvəffəq olub. Lakin ruhdan düşməyən "qırmızı-qaralar" sonadək mübarizə aparıblar və hesabı öz xeyirlərinə dəyişiblər. Qarşılaşmanın qalibini müəyyənləşdirən qol  Əli Sadıqovun ayağına yazılıb. Öncəki iki matçı bir məğlubiyyət ("Çernomorets", 2:4) və bir qələbə ("Real-Sukçes" (Moldova), 2:1) ilə bitirən "Qəbələ" bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb. "Çernomorets" 5 xalla ikinci, "Real-Sukçes" 4 xalla üçüncü, "Dinamo" isə 1 xalla sonuncu olub. 
Xatırladaq ki, təmsilçimiz yarımfinal mərhələsində A qrupunda ikinci pilləni tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 3-ü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.