Sənə müjdəmiz var, Eldəniz müəllim!
Xəbərlər / 15 Noyabr 2013 | 06:03671
Sənə müjdəmiz var, Eldəniz müəllim!

O da uşaq vaxtı çox top qovub.Bütün yaşıdları kimi yıxıla-dura top dalınca qaçıb, bəzən yıxılanda sıyrılan qolunun-qıçının sızıldayan yarasını “birdən sabah oynamağa qoymazlar” qorxusu ilə dişini sıxıb dəf də edib. Beləcə, məhəllədə top qova-qova böyüyüb. Amma yaşıdlarından fərqli olaraq, top onun üçün adi bir uşaqlıq əyləncəsi kimi keçmişə hopmayıb. Onu irəlidə gözləyən qısa, məhsuldar həyatının düz mərkəzində dayanıb.Topun meydançada qazandırdığı vərdişlər həyatda da onun gərəyi olub. Toplu-topsuz dünyasının bəzən hücumçusu olub, bəzən də müdafiəçisi. Amma hansı yerdə olmağından asılı olmayaraq, istər meydanda, istərsə də həyatda əlindən gələni edib, qol qoyduğu işi vicdanla yerinə yetirib. Və günlərin birində sonranın tanınmış futbolçusu, “Qəbələ” Futbol Akademiyasının məşqçisi olacaq Eldəniz Süleymanov hiss edib ki, həyatını birdəfəlik topla, meydanla bağlamaq istəyir.Beləcə, qovhaqovla keçən bir həyata başlayıb. Ömrünü çox sürətlə yaşayıb. Sonuna – sonuncu mənzilinə də yaşıdlarından xeyli tez çatıb. Nə idi bu tələskən, təşvişlə dolu ömür? Yetirmələrini çempion görmək ən böyük arzusu idi. Həyatı bahasına başa gələcək arzusu. Komandasını sanki bu qələbənin vacibliyinə, onun həyatının mənası olduğuna inandırmaq, qələbəyə kökləmək üçün getdi. Gedişi ilə də yetirmələrini çox vacib, həyati əhəmiyyətli bir imtahan qarşısında qoydu. Vəfatının birinci ildönümündə sənə müjdəmiz var, Eldəniz müəllim: komandan imtahandan üzüağ çıxdı. Qəbrinin ziyarətinə, uyuduğun Naxşıvan torpağına da elə bu müjdə ilə gəlmişdilər. Bəli, onlar ilin çempionu olmağı bacardılar. Və hiss etməmiş deyilsən ki, bu qələbədə sənin varlığın qədər yoxluğunun da çox böyük payı oldu. Hər oyunda səndən, sənin işıqlı xatirəndən güc aldılar. Qəhər içində boğulsalar da, əllərinin arxası ilə gözlərinin yaşını silib, sənin adına bu meydana girdilər. Yorulmadan oynadılar. Ruhunu şad eləmək, ziyarətinə and içdikləri kimi gəlmək üçün gecə-gündüz yalnız qələbə barədə fikirləşdilər.
“Qəbələ” Futbol Akademiyasından Anar Surxayev, Azər Bağırov, Muraz Yusibov, Zaur Hacıyev, Şəhruz Mustafayev gəlmişdilər ziyatətinə. Qəbrin üstünə gül dəstəsi qoydular, ruhuna dua oxyub, salavat çevirdilər. Yetirmələrindən İbrahim Aslanlı, Qismət Alıyev, Tərlan Əhmədov, Vəzir Musayev, Ehtiram Şahverdiyev də onların arasında idi. Bu uşaqlar “çempion” adını səninlə qazanmaq istəyirdilər, kubokun ətrafında məhz sənin əhatəndə, sənin iştirakınla sevinmək istəyirdilər. Çempion da oldular, kuboku da qazandılar – amma bunların hamısı sənsiz oldu, Eldəniz müəllim. Əllərin kuboku yüksəyə qaldıran bu kövrək əllərin arasında olmasa da, ruhun, xatirən hər birinin qəlbində, adın dillərində idi. Sən onlar üçün qürur yeri idin. Çox sürətlə yaşadığın ömürdə buna nail ola bildin. Yetirmələrinin həyatı hələ qabaqdadır. Hələ çox uğur qazanacaq, sevdiyin yaşıl meydandan dəfələrlə qalib kimi ayrılacaqlar. Və zəfər dolu həyatlarında bir müəllim kimi sən həmişə onların yanında olacaqsan. Kim bilir, bəlkə də illər sonra bu uşaqların sorağı dünyanın ən məşhur klublarından gələcək... Və harda olurlarsa olsunlar, bu, yəqindir ki, onların hamısı soyuq bir payız axşamında vədələşiblərmiş kimi sənin adın, xatirən ətrafına yığışacaqlar. Öz əvəzinə yadigar qoyub getdiyin balaca oğlunu da onların arasında görəcəksən. Akademiyanın sevimlisi olan Emil sənin ömrünün, arzularının davamçısı olacaq. Və sən bundan, Eldəniz müəllim, mütləq xəbərdar olacaqsan. Çünki ruhun sevinəcək...

QƏBƏLƏ İK Qəzeti